Oktyabrın 26-da Bakı Konqres Mərkəzində kiberfestivala (“Critical Infrastructure Defence Challenge 2023”) start verilmişdir. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir kibersahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorda fəaliyyət göstərən qurumları, tələbə və ekspertləri bir araya toplamışdır.
Tədbirin açılışında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov və özəl sektorun nümayəndələri çıxış etmişlər.
Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kiberhücumların simulyasiyası ilə virtual müharibədə dövlət qurumlarının, təhsil və telekommunikasiya müəssisələrinin, bankların informasiya texnologiyaları üzrə komandalarının yarışı təşkil edilmişdir.
Bununla yanaşı, tədbir çərçivəsində 14-ü yerli və 27-si xarici olmaqla, ümumilikdə 41 şirkət, 5 dövlət qurumu və 8 startapdan ibarət olan “Kibertəhlükəsizlik” sərgisi, “Hack the future” proqramı üzrə müxtəlif bilik səviyyələrinə və yaş kateqoriyalarına uyğun IT üzrə masterklas təşkil olunmuş və iştirakçılara kiberdünyada qlobal çağırışlar, kibertəhdidlər üzrə panel müzakirələrini dinləmək imkanı yaradılmışdır.
Tədbirin sonunda “Kibermüharibə” yarışının qaliblərinə sertifikatlar və 30.000 manat (birinci yer 15000, ikinci yer 10000, ucuncu yer 5000 azn) məbləğində pul mükafatı təqdim edilmişdir. Birinci yerin qalibi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “UEİB” komandası, ikinci yerin “Azercell” şirkətinin “Cybercell” komandası və üçüncü yerin Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin “Dəmir Yumruq” (“Iron Fist”) komandası elan olunmuşdur. Bununla yanaşı masterklas kurslarında təlim almış dinləyicilərə, tədbirin sponsorlarına və tərəfdaşlarına təşkilatçılar tərəfindən sertifikatlar verilmişdir.
Yeni elementlər, yeni istiqamətlər əlavə olunmaqla bu tədbirlər növbəti illərdə də həm sahəvi infrastrukturlar üçün xüsusiləşdirilmiş formada, həm də beynəlxalq səviyyəli kibermüharibə yarışı formatında davam etdirilməsi qərara alınmışdır.
© 2011-2024 Bütün Hüquqlar Qorunur