Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Kibertəhlükəsizlik Şurasının dəvəti əsasında 16-18 sentyabr tarixlərində Dubay Sərgi Mərkəzində keçirilən "GISEC 2026" qlobal kibertəhlükəsizlik konfransına qatılıb.
Tədbir çərçivəsində Mərkəzin rəisi Murad Balayev "Suveren Qalxan: Operativ Kibermüdafiə və Kritik İnfrastrukturun Dayanıqlılığı" mövzusunda keçirilən panel sessiyasında spiker qismində çıxış edərək Azərbaycan Dövlət CERT-i aspektindən mərkəzləşdirilmiş görünürlüyün insidentlərin aşkarlanmasındakı həlledici rolundan və beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışıb. Panelə həmçinin Misir, Malayziya, Bruney və Özbəkistanın müvafiq qurumlarının rəhbər nümayəndələri qatılıb. Mərkəzin digər nümayəndələri isə Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) təşkilati dəstəyi ilə keçirilən "Quantum Drill" kibertəliminə qatılıblar.
Tədbir çərçivəsində paralel keçirilən görüşlərdən biri də OIC-CERT-in İdarə Heyətinin növbəti iclası olub. Qapalı formatda keçirilən görüşdə üzv ölkələrin aparıcı nümayəndələri tərəfindən gündəlikdə duran məsələlər müzakirə edilib, o cümlədən cari il üzrə fəaliyyət planına uyğun olaraq görülmüş işlər barədə məruzələr dinlənilib.
Qeyd edək ki, GISEC tədbiri beynəlxalq səviyyəli kibertəhlükəsizlik vendorlarının son texnoloji həlləri ilə tanış olmaq və əməkdaşlıq əlaqələrinin qurulması baxımından çox əhəmiyyətli olub. Konfrans eyni zamanda regionun və dünyanın aparıcı CERT-ləri ilə birbaşa ünsiyyət üçün əlverişli platforma yaradıb. Belə tədbirlərdə iştirak Mərkəzin beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişləndirilməsinə və qabaqcıl təcrübənin öyrənilməsinə xidmət edir.
© 2011-2026 Bütün Hüquqlar Qorunur