Axtarış...

OIC-CERT üzvləri üçün “Uncovering Mysteries with Forensics” mövzusunda vebinar keçirilib

OIC-CERT üzvləri üçün “Uncovering Mysteries with Forensics” mövzusunda vebinar keçirilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi tərəfindən OIC-CERT beynəlxalq təşkilatının üzvləri üçün “Uncovering Mysteries with Forensics” mövzusunda təlim xarakterli vebinar keçirilib.

Vebinarın əsas məqsədi OIC-CERT-in üzv ölkələrinin kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən qurumlarının əməkdaşları arasında rəqəmsal forensika sahəsində bilik və praktiki yanaşmaların paylaşılması, kibertəhlükəsizlik insidentlərinin araşdırılması zamanı rəqəmsal sübutların müəyyənləşdirilməsi və təhlili üzrə məlumatlılığın artırılması olub.

Tədbirin əvvəlində Dövlət CERT-inin rəhbəri Murad Balayev iştirakçıları salamlayaraq vebinarın təşkilinə göstərdiyi dəstəyə görə OIC-CERT Katibliyinə təşəkkürünü ifadə edib. Qeyd edilib ki, Mərkəz OIC-CERT-in idarə heyətinin üzvlərindən biridir və təşkilatın illik biznes planı çərçivəsində “Cybersecurity Innovation, R&D and Technology” istiqaməti üzrə fəaliyyət göstərir. Bu istiqamətdə müəyyən edilmiş əsas göstəricilərdən biri də kibertəhlükəsizlik sahəsində bilik və məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə tədbirlərinin təşkil olunmasıdır.

Vebinarda rəqəmsal kriminalistikanın kibertəhlükəsizlik insidentlərinin araşdırılmasında rolu, rəqəmsal sübutların toplanması və təhlili, insident zamanı baş verən hadisələrin ardıcıllığının müəyyənləşdirilməsi, komprometasiya izlərinin araşdırılması və insidentlərin əhatə dairəsinin müəyyən edilməsi kimi məsələlərə toxunulub.

Təlim zamanı iştirakçılara kibertəhlükəsizlik insidentləri zamanı sistemlərdə və digər rəqəmsal mühitlərdə qalan izlərin necə araşdırıldığı, ayrı-ayrı texniki məlumatların vahid hadisə zəncirinə çevrilərək insidentin tam mənzərəsinin müəyyənləşdirilməsinə necə imkan verdiyi barədə praktiki məlumatlar təqdim olunub.

Vebinarın spikeri – kibertəhlükəsizlik üzrə ekspert Fikrat Kərimli mövzu ilə bağlı praktiki yanaşmaları iştirakçılarla bölüşərək rəqəmsal kriminalistikanın insidentlərə cavabvermə prosesində əhəmiyyətini və aparılan araşdırmaların kibertəhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsinə verdiyi töhfəni izah edib.

Tədbir OIC-CERT üzvləri tərəfindən maraqla qarşılanıb, iştirakçılar tərəfindən mövzu ilə bağlı suallar ünvanlanıb, fikir və təcrübə mübadiləsi aparılıb.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi gələcəkdə də OIC-CERT-in üzv komandalarının peşəkar potensialının gücləndirilməsinə yönəlmiş təşəbbüslərdə, eləcə də kibertəhlükəsizlik sahəsində təcrübə və bilik mübadiləsində fəal iştirakını davam etdirəcək.

© 2011-2026 Bütün Hüquqlar Qorunur