Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəisi Murad Balayev ABŞ-nin Colorado ştatının paytaxtı Denver şəhərində keçirilən və Carnegie Mellon Universitetinin CERT Koordinasiya Mərkəzi (CERT/CC) tərəfindən təşkil edilən Milli CERT-lərin qapalı texniki iclasında (NatCSIRT Meeting), həmçinin təşkil olunan 38-ci beynəlxalq FIRST konfransında (FIRSTCON26) iştirak etmişdir.
NatCSIRT iclası milli səviyyədə kibertəhlükəsizlik insidentlərinin qarşısının alınması və onlara cavab verilməsi funksiyalarını həyata keçirən CERT/CSIRT mərkəzlərinin nümayəndələri üçün nəzərdə tutulmuş qapalı formatlı beynəlxalq platformadır. Tədbirin əsas məqsədi aparıcı CERT-lər arasında etimadın və əməkdaşlığın gücləndirilməsi, kibertəhlükəsizlik sahəsində aktual çağırışların müzakirəsi, qabaqcıl təcrübələrin paylaşılması və transsərhəd xarakterli kibertəhdidlərə qarşı koordinasiyalı fəaliyyət imkanlarının genişləndirilməsidir. İclas çərçivəsində müxtəlif ölkələrin milli CERT-ləri tərəfindən insidentlərə cavabvermə imkanlarının inkişafı, dövlət informasiya resurslarının və kritik informasiya infrastrukturunun mühafizəsi, təhdid kəşfiyyatının təşkili, beynəlxalq məlumat mübadiləsi mexanizmləri, rəqəmsal dayanıqlılıq və böhran idarəetməsi sahələrində əldə olunmuş təcrübələr təqdim edilmiş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
38-ci beynəlxalq FIRST konfransı (FIRSTCON26) da kibertəhlükəsizlik insidentlərinə cavabvermə sahəsində dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən biri hesab olunur. Forum of Incident Response and Security Teams (FIRST) təşkilatı beynəlxalq məcrada dövlət qurumlarını, aparıcı CERT-ləri, akademik qurumları, beynəlxalq təşkilatları və özəl sektor nümayəndələrini bir araya gətirərək qlobal kibertəhlükəsizlik əməkdaşlığının inkişafına töhfə verir. Bu il “Müasir təhdidlərə qarşı adaptiv müdafiə sistemlərinin qurulması” (“Peak Defense: Building Adaptive Systems for Modern Threats”) mövzusu altında keçirilən konfrans çərçivəsində süni intellekt texnologiyalarının kibertəhlükəsizlik əməliyyatlarında tətbiqi, insidentlərə cavabvermə proseslərinin avtomatlaşdırılması, kibertəhdid kəşfiyyatı, kritik informasiya infrastrukturlarının qorunması, rəqəmsal dayanıqlılıq, təchizat zəncirinə yönəlmiş hücumlar, fidyə proqramları ilə mübarizə, beynəlxalq əməkdaşlıq və müasir təhdid mühitinə uyğun müdafiə yanaşmaları ilə bağlı çoxsaylı təqdimatlar, panel müzakirələri və texniki sessiyalar təşkil olunmuşdur.
Konfrans çərçivəsində müxtəlif ölkələrin CERT/CSIRT mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirilmiş, kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və gələcək qarşılıqlı fəaliyyət imkanları müzakirə olunmuşdur.
FIRSTCON26 çərçivəsində təşkil olunan beynəlxalq "Capture The Flag" (CTF) yarışında Azərbaycanı təmsil edən XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin "AzCyberForce" komandası 69 komanda və 179 iştirakçı arasında 5-ci yerə yüksələrək Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki peşəkar potensialını beynəlxalq səviyyədə nümayiş etdirmişdir.
Ümumilikdə, NatCSIRT 2026 və FIRSTCON26 tədbirlərində iştirak XRİTDX-nin beynəlxalq kibertəhlükəsizlik əməkdaşlığının genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması və ölkəmizin kibertəhlükəsizlik sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq platformalarda təqdim edilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir
© 2011-2026 Bütün Hüquqlar Qorunur