Axtarış...

XRITDX Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən Forumda iştirak edib

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum  çərçivəsində “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” adlı panel sessiyası baş tutub.


Sessiyada spiker qismində çıxış edən Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəisi Murad Balayev süni intellekt və "deepfake" texnologiyalarının xüsusilə media aspektindən kiberhücumların xarakterini necə dəyişdirdiyini və dezinformasiya kampaniyalarının ictimai rəyi manipulyasiya etmək potensialının kəskin artdığını, bu təhdidlərə qarşı mübarizədə media qurumlarının fakt yoxlanışı (fact-checking) alətlərini mənimsəməsinin və cəmiyyətdə media savadlılığının yüksəldilməsinin həyati əhəmiyyət daşıdığını vurğulayıb.


Panel sessiya zamanı, həmçinin, rəqəmsal inkişafın media sektoruna təsiri, süni intellekt texnologiyalarının informasiya istehsalı və yayımında yaratdığı yeni imkanlar, dezinformasiya risklərinin artması, etik prinsiplərin qorunması məsələləri geniş müzakirə olunub. Bildirilib ki, media nümayəndələrinin innovativ alətlərdən düzgün, etik və effektiv şəkildə istifadə etmələri, peşəkar fəaliyyətlərində bu texnologiyaların imkanlarından səmərəli yararlanmaları olduqca vacibdir.

Sessiyada həmçinin vurğulanıb ki, süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə media qurumlarının texnoloji yeniliklərə operativ uyğunlaşması və informasiya etibarlılığının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, panel müzakirənin sonunda iştirakçıların sualları cavablandırılıb və Forum öz işini yekunlaşdırıb.

© 2011-2026 Bütün Hüquqlar Qorunur